free counters 
 

MƏNİM DƏ ÖMRÜM BELƏDİ

1963-cü ilin aprel ayının 17-də Bakıda bir oğlan uşağı dünyaya göz açdı. Qeyri-adi uşaq idi, belində Peyğəmbər xalı da vardı. Bu uşaq tanınmış Məşədi Sultan Əhmədin nəvəsi, Mikayıl Mahmud kişinin övladı idi. O, ailənin ilki deyildi. Ona qədər həmin ailədə beş uşaq dünyaya göz açmışdı. Elə bu oğlan uşağı həmin ailənin sonbeşiyi oldu. Uşağa ad qoymaq istəyənlərin sayı olduqca çox idi. Ona görə də anası Almaxanım belə qərara gəldi ki, uşağa ad «püşkatma» yolu ilə qoyulsun. İnciklik yaranmasın deyə, belə də oldu. Xalası Havanisə xanımın seçdiyi, püşkə çıxan Vüqar adı hamının xoşuna gəldi. Bu ad təzə, necə deyərlər Vüqar adının nübarı olduğundan böyük bir marağa səbəb oldu. Uşaq Vüqar adı ilə böyüməyə başladı. Olduqca utancaq bir oğlan idi, ancaq uşaq olsa da, anası dua oxuyan zaman ona qulaq kəsilərdi. Həmin dualara qulaq asmaqdan yorulmazdı. Qəlbində «Allahla» ünsiyyətdə olmaq istəyi baş qaldırmışdı. 7 yaşı tamam olanda özü Allaha dualar etməyə başladı. Dini kitablarla, dinlə maraqlandı. Anasından eşitdiyi, ana babası Kərbəlayi Əzimin, ata babası Məşədi Sultan Əhmədin din haqqında fikirləri onu maraqlandırdı. Dilindən Allah sözü düşmədi. Bir qəribəliyi də var idi. Nə arzulayırdısa, həmin arzusu da çin olurdu.
İllər ötdü. Vüqar Mikayıl Müşfiq adına 18 saylı məktəbin birinci sinfinə getdi. Ancaq Vüqara məktəbdə şəhərli yox, bir kəndçi uşağı kimi baxırdılar. Ailədə altı uşaq olduğuna görə onun şəhərli olmasına müəllimlər inanmırdılar. Bir gün Vüqar dərsdən evə qayıdanda anası onu gözləri dolu vəziyyətdə görür. Ana qəlbi incə olduğu qədər də kövrək olur. Ona görə də ana oğlunu bu vəziyyətdən çıxarmaq üçün saçlarını tumarlayır, nə hadisə baş verdiyini soruşur. Gözləri yaşla dolan Vüqar deyir:
- Ana, ay ana, neyləyirdin altı uşağı? Məktəbdə müəllimlərim mənə deyirlər ki, sən kəndçisən. Axı mən kəndçi deyiləm.
Ana özünü saxlaya bilməyib gülür və deyir:
- Ay oğul, sən buna görə heç ürəyini sıxma, sən əsl şəhərli balasısan. Sən belə şeylərə fikir vermə. Hələ atan razı olsaydı, 10 uşaq olardız.
Atası Mikayıl Mahmud kişi gəmiçi idi. Həştərxan-Krasnovodski gəmisində gəmi kapitanının köməkçisi işləyirdi. Vüqar da tez-tez atası ilə gəmi səyahətinə çıxar, dənizin göyərtəsindən dalğaların üstündə şütüyən qağayıları seyr edərdi. Qağayıları seyr edən zaman ata oğlunu kənardan müşahidə edirdi. Oğlunun əlində ağ kağıza nə isə cızma-qara etdiyini görəndə bir qədər təəccüblənir. Bəlkə uşağı bir də göyərtəyə gətirməyim, deyə fikirləşir. Bir gün yenə həmin səhnə təkrar olunur. Ata oğluna yaxınlaşıb nə etdiyini soruşdu. Vüqar birdən demək istəmədi. Sonra isə yazdığı kağız parçasını atasına göstərdi. Bu Vüqarın qağayıları müşahidə edə-edə qələmə aldığı ilk şeri idi. Beləcə, o gündən gələcəyin nəğməkar şairinin imzası ailə və qohumlar arasında tanınmağa başladı və şeriyyət dünyamıza üz tutan bir şairin təməli qoyuldu. O bu gün şerlərini sevə-sevə dinlədiyimiz, sözlərinə bəstələnən mahnılardan zövq aldığımız, tanınmış musiqişünas-alim, filologiya elmləri namizədi Vüqar Əhməd idi.

KİMDİR VÜQAR ƏHMƏD?

Uca Allahıma, Peyğəmbərimə
Qəlblər nurçusuna, həzrət Əlimə,
İlahi varlığa-gülənbərimə,
Dualı olacaq bu iki əlim.

Hər gün iki əlini açıb Allaha tutub, ondan Qarabağın xilas gününü diləyən bir vətəndaş, xalqını, Vətənini sevən bir azəri, Allaha, dinə itaət edən mömin bir bəndə, ürək çırpıntılarını misralara çevirən şair, hər zaman axtarışda olan alim, musiqimizin təbliğinə xidmət edən musiqişünas, gözəl ailə başçısı, övladlarına layiqli ata, doğmalarına yaxın sirdaş, dar günün dostu, mərasim adamı, əməli-saleh insandır - Vüqar Əhməd.

Qoşa gəzdiyimiz hər bir dar dalan,
Geniş xiyabanlara, həm dövlətlərə
Söylərəm dərdimi, ancaq heç zaman
Demərəm dərdimi mən özgələrə.

O özü boyda bir sirr qalasıdı. Dərdini, qəmini özgələrdən gizli saxlayır. Könül pəncərəsini, qəlb dünyasını heç kimə açmır. Bəlkə də onun könül pəncərəsini, qəlb dünyasını onu olduğu kimi qəbul edib, dərk edən olmadığından özünü tənha hiss edir. Kişi ağlamaz deyərlər. Ancaq o bu xalqın ağrı-acılarına hər gün ağlayır, özü də gizli, təklikdə. Bəzən onun göz yaşları aysberqi belə əritmək gücünə malik olur. Bəlkə elə ona görədir ki, gözlərinin dərinliyində kədər var. Nə qədər kədəri gizlətməyə çalışsa da, buna nail olmur. Axı bu insan bəndəsi nə qədər haqsızlıqlarla, ədalətsizliklərlə rastlaşar. Nə qədər ağrı-acı yaşayar. Haqlı ola-ola haqsızlıqlarla yol yoldaşı olur, sonda isə özünün haqlı olduğunu sübuta yetirir. Rastlaşdığı bu haqsızlıqları Tanrı sınağı sayır. «Tanrı ən çox sevdiyi bəndəsini sınağa çəkir» deyir və belə anlarda Rəbbinə üz tutur.

Ən böyük elçisi-Peyğəmbərimdi,
İslamda parlayan ilk gövhərimdi,
İliyim, qanımdı, can cövhərimdi,
Ya rəbb, ya rəbb, ya rəbb, ya rəbbim mənim.

Bəlkə ona görədir ki, son zamanlar ürəyindən şikayətlənir. Ürək daş deyil ki, bu qədər ağrıları çəkə bilsin. Xəstə ana və bacısına qulluq etmək, onlarla birgə olub dərdlərinə şərik olmaq üçün həmişə tələsir. Anasını xəstə çarpayısında görəndə isə gözləri payız buludu kimi dolur, anasından həzin bir layla istəyir, uşaqlıq illərinə qayıdıb qayğısız yaşamaq üçün:

Bir az dərdim dağıldı,
Sandım ömrüm nağıldı.
Səsin şəkər, noğuldu,
Tez ol, yoxsa boğuldum,
Ana, mənə layla de.

Çox ağrılar yaşadı. Oğlu Hüseyn dünyaya gələndə sevinci sonsuz idi. Ancaq Hüseyn dünyaya gələndə ağlayıb qışqırmadı. Bu Vüqar Əhmədi çox narahat etdi, uşağın sağ qalacağına ümid yox idi. Ancaq anasının düalarını Tanrı eşitdi, Allah öz Hüseyninə yardımçı oldu. İndi Hüseyn qayğısız böyüyür, anasına bir dünya sevinc bəxş edir. Qızı dünyaya gələndə isə yenə ağrı-acılarla rastlaşdı. Dostu Hüseyn Allahyarovun qayğısı ilə Almaniyadan lazım olan iynə vaxtında gətirilib xəstəxanaya çatdırılmasaydı, çoxdan qızcığaz dünyasını dəyişmişdi. «Mənim qazandığım milyonlar deyil, milyonlara bərabər dostlardır» - deyir Vüqar Əhməd. Ancaq yaşadığı bütün ağrı-acılardan heç zaman şikayətlənmədi, kimlərisə lənətləmədi, rüzgarına şükr eylədi. Deyirlər, Allah dərdi dərd çəkənə verir. Bəlkə ona görədir ki, Vüqarın dərdli şerləri insanı düşündürə-düşündürə ağladır, sızladır:

Arzularım səs eylədi,
Dərdim-sərim bəs eylədi.
Mənim də ömrüm belədi,
Rüzgarıma şükr eylədim.

O, təmənnasız bir dostdur. Heç zaman təmənna götürməyən, qapılar döyməyən, vüqarını alçalmağa qoymayan, özünə və qarşısındakına qiymət verməyi bacaran bir insandır. İmkanı daxilində insanlara yaxşılıq etməyə çalışır. Ancaq özü çox vaxt yaxşılıq etdiyi insanlardan pislik görür, inciyir. Ancaq ürəyi ilə barışa bilmir, o insanın günahlarını bağışlayır, umu-küsüyə son qoyur, onunla danışmağa başlayır. Tərifi çox sevmir. Biri özünü tərifləyəndə, özündənrazı gəzəndə xoşuna gəlmir. «Ağac nə qədər bar versə, başını aşağı əyər» deyir. Yalanla barışa bilməsə də, tez-tez yalanlarla, ikiüzlülüklə rastlaşır. Həyatın qəribə gərdişinə baxa-baxa düşünür – niyə insanlar belə dəyişir, İlahi…!?

Mən təmənna bilmədim,
Ruzu üçün dinmədim,
Bir ürəkdən gülmədim,
Vallah, yoxdu günahım.

BİR ÜRƏKDƏN GÜLMƏDİM

- Vüqar müəllim, bəlkə uşaqlıq illərinizə qayıdaq. Sizinlə birgə o illərin yaddaqalan bir xatirəsini yadınıza salaq.
- Binəqədi kəndində nənəmgildə qalırdım. Nənəmin də çoxlu toyuq-cücələri var idi. Çox utancaq idim. Bərk acmışdım, utandığımdan nənəmə deyə bilmirdim ki, acmışam. Toyuqlara verilmək üçün ayrılan quru çörəyi götürüb gizlicə yeməyə başladım. Birdən rəhmətlik xalam məni gördü, quru çörəyi əlimdən aldı və məni evə aparıb təzə bişmiş çörək verdi. Mən də onu şirin-şirin yedim. Oyuncaqları çox sevərdim. Böyük bacım mənə bir ağ ayı kukla almışdı. Kuklanın burnunu o qədər dişləmişdim ki, heç özünə oxşamırdı. Bir gün anam şəhərdən kəndə gəldi, məndən soruşdu ki, ay Vüqar, nənəngildə darıxmırsan ki? Dedim ki, ay ana, burada bir nənəm var, bir də onun iti, ayrı heç nə yoxdur. İt də həyətdəki hinduşkanı boğdu. Anam güldü və məni şəhərə gətirdi. O vaxt iki yaşım var idi. Bu hadisəni indi də xatırlayıb gülürəm.
- Şer yazmağa həvəs Sizdə necə baş qaldırdı?
- Atamın əmisi Əhməd Bilal ilk teatr recissorlarından biri olub. Şerə, sənətə xüsusi hörməti olub. Mən də Nizamini, Füzulini, Xaqanini, Hüseyn Cavidi, Sabiri, Vahidi oxuyandan sonra şerə həvəsim artdı. Keçmiş V.İ. Lenin adına APİ-nin filologiya fakültəsinə daxil oldum, bədii ədəbiyyatla daha yaxından tanış oldum. Şerlərimlə, məqalələrimlə dövri mətbuatda çıxış etməyə başladım. Mətbuat xətti ilə bir çox vəzifələrdə çalışdım. 15 ildir ki, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıram. Filologiya elmləri namizədiyəm. Doktorluq dissertasiyamı müdafiə etmişəm, ancaq hələ də təsdiq etdirə bilməmişəm. Pişəvəri kimi bir sənətkarı araşdıran yeganə alim hələ də süründürməçiliyə düçardır.
- Nədən bu qədər sadəsiz?
- Sadəlik gözəllikdir. Mənim də xoşbəxtliyim elə sadəliyimdədir. İnsan nə qədər sadə olarsa, xalqın gözündə bir o qədər ucada dayanar. O qədər sadəyəm ki, bəzən məni tanımırlar da. Sadəliyimə görə çox əzablar da çəkmişəm. Ancaq heç zaman sadəliyimdən əl çəkməmişəm, heç zaman vəzifə düşgünü olmamışam. Bir parça çörəyimi tapıb, ona şükür etmişəm. Eyvaz Borçalı yaxşı deyib:

Bu dünya gözəl dünya,
Düzəlmir gözəl dünya.
Bir halal qazanc paya
Uzanır yüz əl, dünya.

Öz halal zəhmətimlə ömür payımı yaşamışam . Roldan-rola, cilddən cildə girməmişəm, yaltaqlığı bacarmamışam. Necə sadə olmuşamsa, elə də qalmışam.
- Şerləriniz necə yaranır?
- Desəm ki, şerlərim bir-iki aya başa gəlir, vallah yalan olar. Mən bədahətən yazıram. Bəzən bir şad xəbərdən, bəzən dəhşətli bir hadisədən sonra məndə şer yaranır. Bir şerə uzağı 5 dəqiqə vaxt sərf edirəm. Nəyinsə, kiminsə, plan xatirinə şer yazmıram. Şer sex deyil ki, planı doldursun. O, daxildən gəlməlidir. Əgər şerlərim kimlərinsə qəlbinin sarı siminə toxuna bilirsə, şerdə keçən ömrümə heyfsilənməyə dəyməz.
- Hansı fəsli daha çox sevirsiniz?
- Yazı. Çünki yazda təbiət daha gözəl olur, hər yerdə gül çiçək açır, ağaclar çiçəkləyir, sanki insanın həyatı da təzələnir. Təbiətə vurğun kəsilərək ilham alırsan, bir qədər də güclənirsən. Özündən biixtiyar olaraq şerlərin həyata vəsiqə alır, rahat nəfəs ala bilirsən. Bir də yazda sevənlər əhd-peyman bağlayırlar, sevgiyə sədaqət andı içirlər. Məhəbbət şirinləşir, sevgi güclənir.
- Cənubi Azərbaycanla əlaqələriniz necədir?
- Cənubi Azərbaycan mədəniyyəti mövzusu mənim yaradıcılığımın ayrılmaz bir hissəsidir. Mən uzun illər Cənubi Azərbaycanda yaşayan incəsənət ustalarının, mədəniyyət xadimlərinin yaradıcılıqları ilə bağlı axtarışlarımla müntəzəm dövri mətbuatda çıxış etmişəm. Təbriz, Tehran kimi şəhərlərin nüfuzlu qəzetləri mənim yaradıcılığıma işıq tutub. Orada çoxlu dostlarım var. Onu da qeyd edim ki, o taylı, bu taylı Azərbaycanımın musiqisi, şeriyyəti ilə həmişə fəxr etmişəm və bizim şerlərə o taylı soydaşlarımızın vurğunluqlarından mənəvi qida almışam.
- Oxuculara və sizi tanımayanlara bəlkə bir sirrinizi açasınız?
- Xalq çalğı alətlərinin hər bir növünü çala bilirəm. Elə bir xalq çalğı aləti yoxdur ki, mən onu əlimə alanda məndə nə isə alınmasın. Bu özü bir vergidir. Ancaq oxumaq fikrim yoxdur. Çünki lazımi qədər müğənnilərimiz var.
- Həyatda ən kədərli gününüz hansı olub?
- Anamı çox sevirəm. O, infakt keçirən gün mənim ən kədərli günüm olub. Həmin gün mənim üçün nə qədər ağır olsa da, sənətinə böyük hörmət bəslədiyim Baloğlan Əşrəfovun həkimlə birgə anamı baş çəkməyə gəlməsi məni doğrusu çox sevindirdi. Sanki kədərin içərisində bir sevinc yaşadım. «Anam mənim» mahnısını öz anamın simasında bütün analara ünvanlayıram və onların böyüklüyü qarşısında baş əyirəm. «Anam mənim» mahnısının məşhurlaşması üçün Baloğlan Əşrəfova dərin təşəkkürümü bildirirəm. Bu mahnı Baloğlanla Vüqarı müəyyən bir zirvəyə qaldırdı. Musiqisi Rauf Məmmədovundur.
- Ağaran saçlarınıza görə heyifsilənmirsiniz ki?
- Əgər saçlarıma dənlər düşübsə, deməli illərimi, günlərimi hədər yaşamamışam. Saçın ağarması müdriklik deməkdir. Bəzən ağaran saçlarımı da qınayıram. Niyə belə tez ağardınız, - deyirəm. Ancaq nə etməli? İllər, bir də yaş öz sözünü deyir. Çoxları saçları ağaranda rəng vururlar. Ay başınıza dönüm, kişi nədir, rəng nədir? Mən bunu xoşlamıram. Təbii insan olduğumdan, təbiiliyi də sevirəm. Sünilik tez gözə çarpır. O, qəlbi boşluqdan, dəyərsizlikdən yaranır. Daxilində mənliyi olan insan heç zaman süni ola bilməz və nə qədər çalışsa da, süniliyin əlamətlərini özündə cəmləşdirə bilməz. Əgər qara saça dən düşürsə, saçlarına qarlar ələnirsə, deməli, sən varsan, yaşayırsan, arsız adam deyilsən.
- Elə bir itginiz olubmu ki, onun ağrısını bu gün qəlbinizdə çəkirsiniz?
- Hüseyn Cavid gözəl deyib:
Fələyin yazdığını mən poza bilsəydim, həmən
Onu öz arzumla, muradımla yazardım təzədən.
Nə itirmişəmsə və həmin itginin ağrısını bu gün də qəlbimdə alışa-alışa çəkirəmsə, qoyun o sirr olaraq qalsın. Məni o itgi ilə baş-başa buraxın, təzədən o anlara, o dəqiqələrə Vüqarı qaytarmayın. Axı o təzədən geri dönən deyil…
Söhbətimizin bu yerində Vüqar müəllim siqaret tüstülətdi, gücü siqaretə çatdı. Araya sükut çökdü, nə o dindi, nə də mən.
Qoyun o dərdi tək yaşayım. Olarmı? Yenidən sükut çökür.
- Deyirlər «bar verən ağaca daş atan çox olur». Sizə daş atanlar çoxmu olub?
- Mən özümü Vüqar Əhməd kimi dərk etdiyim gündən daşlara tuş gəlirəm. İndi özünüz təsəvvür edin də, görün mən nələr çəkirəm. Ancaq dözürəm, qurbanı olduğum qadir Allah mənə səbr və dözüm verir. Nə yazmışamsa, bu xalqımındır. Mən şəxsi mənayefimə görə yox, xalqımın mənafeyinə görə yaşayıb, yazmışam. Bu sənətdə məni qəbul edənlər də olub, etməyənlər də. Ancaq heç zaman Vüqar Əhməd olduğumu unutmamışam. Şöhrət heç zaman başımı gicəlləndirməyib. Əgər bir şairin şerlərinə mahnı bəstələmirlərsə, şerləri ifa olunmursa, mənim nə günahım. Gözəl şerə hər yerdə yer var. Bəxtiyar Vahabzadənin vurğunuyam, şerlərinə özünün ifasında qulaq asmaq mənə ləzzət verir. Məmməd Arazın şerlərinə Əminə Yusifqızının ifasında qulaq asmaq istəyirəm. İfaçıdan çox şey asılıdır. Mən gözəl bir şer yaza bilərəm, ancaq bəstəkar elə bir musiqi bəstələyər ki, şerimin gözəlliyi də itə bilər. Elə də olur ki, hər hansı bir zəif şerə bəstəkar elə bir musiqi yazır ki, gözəl ifa ilə birlikdə həmin şerin zəifliyi itir. Nüsrət Kəsəmənli, Vahid Əzizin məhəbbət şerlərini çox sevirəm. Nüsrət məhəbbətdən çox gözəl yazır, Vahid Əzizə isə bir insan kimi vurğunam. İdealım isə Əlağa Vahiddir.
- Niyə şair məclislərinə getmirsiniz?
- Mən məclis adamıyam, elə bir toy, yas mərasimi yoxdur ki, mən orada olmayım. Hətta küsdüyüm, danışmadığım bir insanın da doğmalarının yas mərasiminə gedirəm. Şair məclislərinə isə, Siz qeyd etdiyiniz kimi, getmirəm. Düzdür, özüm Yazıçılar İttifaqının üzvüyəm. Tam səmimiyyətimlə deyirəm ki, o adi bir kağız üzərindədir. Onların mənə nə xeyri. Ona görə də daha çox xalqın arasında olmağa çalışıram, onlardan çox şeyi öyrənirəm və onları qələmə alıram. İllər illəri, nəsillər nəsilləri əvəz edir. Mən də çalışıram ki, bir fəslin, bir ilin şairi olmayım, ömrümün hər ilində öz sözümü deyim və gələcək nəsillər Vüqar Əhməd sözündən bəhrələnsinlər.
- Eşitdiyimizə görə İsveçdə sizin kitabınız çıxacaq?
- Bu xəbəri eşidəndə həm sevindim, həm də kədərləndim. Pişəvəri haqda kitabımın İsveçdə təqdimetmə mərasimi keçirildi. Dünya azərbaycanlılarının iştirak etdiyi bu mərasimə gedə bilmədim. Müəllif mən ola-ola, iştirak edə bilmədim. İştirak etməyim üçün sponsor tapılmadı. Bəhrüz Həqqi İsveçdə bu kitabı ərəb əlifbasına çevirir. Yaradıcı insan üçün belə xəbərlər həyatda gözəl izlər buraxır, nə qədər küskün olsan belə, sabaha inamın, ümidin artır.
- Nisə xanım Qasımova Vətənə qayıtmağında, ikinci sənət ömrünü yaşamağında özünü Sizin qələmə aldığınız «Arzular məndən uzaq» şerinə borclu sayır…
- Bir neçə ildən öncə sevimli müğənnimiz Nisə Qasımova Vətəndən küsüb, Moskvaya pənah apardı. Doğrusu, Nisə kimi bir sənətkarın bu addımı məni çox məyus etdi. Getməsinin səbəblərini mən açıqlaya bilmərəm. Ona görə mən xəbər göndərdim ki, Nisə geri dönsün. Mən «Arzular məndən uzaq» adlı bir şerlə Nisənin keçirdiyi hissləri qələmə aldım və Nailə Mirməmmədli həmin şerimə mahnı bəstələdi:

Düşdüm Vətəndən uzaq,
Dərdim var qucaq-qucaq.
Qəlbim buz kimi sazaq,
Arzular, arzular, arzular.

Əgər mənim şerim Nisə xanımın qayıtmasına səbəb oldusa, ikinci dəfə sənət meydanına qayıtdısa və buna görə özünü mənim şerimə borclu sayırsa, mən ona «çox sağ ol» deyirəm. Şerimin gücü varsa, qəlbləri riqqətə gətirirsə, deməli hələ qarşıda sabahlar bizi səsləyir.
- İlham mənbəyiniz nədir?
- İnsanlara, doğma təbiətə, Vətənimə, Qarabağıma, ailəmə, övladlarıma, onların anasına olan sonsuz məhəbbətim tükənərsə, mən şer yaza bilmərəm. Yaxşı dostlar az deyil. Onlara hər hansı bir şerimi ithaf edəndə, həmin şeri onlar dinləyəndə üzlərinə, çöhrələrinə qonan sevincdən mənə də pay düşür. Hər hansı bir məclisdə, el şənliyində şerimi dinləyəndə, həmin şer haqqında xoş sözlər, rəylər eşidəndə mən yaşayıram, bir qədər də güclənirəm. Mən Allahın sevimli bəndələrindən biriyəm. Ona görə də şerimdə dinə, Allaha xüsusi yer ayırıram. Bu heç bir maarifləndirici xarakter daşımır. Sadəcə olaraq, mən insanları Allahla ünsiyyətdə olmağa, son ümidlərini Allaha bağlamağa səsləyirəm. İnsan heç bir zaman yolunu azmamalı, Allaha yaxın olmalı, əməli-saleh işləri ilə könüllərə köçərək özünə əbədi yuva salmalıdır.
- Vüqar müəllim, sizin üçün dünya beş günlük deyil ki?
- Mən bu suala şerimlə cavab vermişəm:

Şənbəsi var, bazarı,
Min cür dərdi, bezarı.
«Dünya» adlı bazarı,
Dünya beş günlük deyil.

- Niyə təmtəraqlı təqdimatdan qaçırsınız? Titullarınızı sadalamırsınız?
- Mənim üçün o titulları sadalamağa ehtiyac yoxdur. Nədənsə bəzən titulların sadalanması, şablon təqdimat insanı qıcıqlandırır və insanı təqdimat xəstəliyinə yoluxdurur. Mənim ən böyük təqdimatım elə Vüqar Əhmədin özüdür. Səni, şerlərini sevən səni təqdimatsız da sevər. Çox titullarım var, ancaq bir dəfə də olsun onları sadalamamışam. Bəlkə də buna heç vaxt ehtiyac duymamışam. On beş ildir ki, Teleradionun əməkdaşıyam, bunu edə də bilərdim, ancaq gülünc görünmək istəməmişəm.
- Son olaraq şerlərinizin heyranlarına arzularınız?
- Doğrusu ilk və sonuncu şer kitabım olan «Ağ saçlı palma» 1995-ci ildə çıxıb. Təzədən belə bir səpgili kitabla oxucuların görüşünə gəlməyə heç fikrim də yox idi, ancaq kitabın naşiri fizika-riyaziyyat elmləri namizədi Rafiq Xan Sayad oğlu Babayevlə söhbətimizdən sonra bunu qətiləşdirdim. Oxucuları şerlərimlə (o cümlədən qəzəl ruhlu), sözlərimə bəstələnmiş mahnılarımla başbaşa buraxıram. Hər birinizə də ilk öncə cansağlığı, bol ruzi arzulayıram. Qoy Tanrı özü sizə yardımçı olsun. Qadir Allah dualarınızı eşitsin, minarələrdən Allahu-Əkbər səsi eşidilsin, beşiyimizdən ana laylası əskik olmasın. Cənnət Qarabağ yenidən bizi öz qoynuna alsın. O taylı, bu taylı Azərbaycanda yalnız sülh nəğməsi eşidilsin.

Göydən gələn mələksən,
Həzin mehli küləksən.
Dünya, cahan deməksən,
Əzizimsən, əzizim.
Mənim hər bir oxucum göydən gələn mələkdir.

DUYMADI MƏNİ KİMSƏ…

Allah, Allah, dünyada
Duyaydı məni kimsə,
Heç olmasa röyada
Duyaydı məni kimsə.

O, bu dünyada öz ömrünü yaşayır, yaradır, şerləri ilə insanları düşündürür. Bu qədər sevilən şair-alimi isə bütün varlığı ilə duyan yoxdur. Elə ona görə də özünü tənha hiss edir. Vüqar Əhməd, deməyin ki, duyaydı məni kimsə. Əgər sizi duymasaydıq, şeriyyət dünyanıza üz tutub həmin dünyanın sakini olmazdıq. Yaşa, yarat, ey nəğməkar şair. Unutmayın ki, şerlərinizin heyranları hər an Sizdən yeni şerlər gözləyir. Bunun özü Sizi duymaq deyilmi?

Alim NƏBİOĞLU

«Vətən torpağının azadlığı uğrunda» və «Şah İsmayıl Xətai» mükafatları laureatı, tənqidçi jurnalist.