free counters 
 

SÖZ DÜNYASI KİTABI

V.Əhməd bizim ən istedadlı alimlərimizdən biridir. Mən Vüqarın tədqiqatlarını çox maraqla izləyirəm, çox oricinal tədqiqatçıdır. Xüsusən də, Seyid Cəfər Pişəvəri haqqında tədqiqatları çox lazımlıdır. O, Cənubi Azərbaycanda bizim milli dövlətimizin yaranması nöqteyi-nəzərindən S.C. Pişəvərinin elmi arxivini üzə çıxardıb. Onun təkcə siyasi xadim deyil, həmçinin gözəl şair, mütəfəkkir, qəzetçi olduğunu, bütövlükdə Pişəvərinin tam simasını canlandırmışdır, Azərbaycan oxucusuna M.Pişəvəri haqqında kompleks təsəvvür yaradan tədqiqat məhz V.Əhmədə məxsusdur. Və burada V.Əhməd özünü gözəl tarixçi, ədəbiyyatşünas, dərin tədqiqat qabiliyyətinə malik bir tədqiqatçı alim kimi göstərib. V.Əhmədin bu tədqiqatı Seyid Cəfər Pişəvəri haqqında yazılan ən görkəmli, ən samballı tədqiqat əsərlərindən biri və birincisidir. Təsadüfi deyil ki, bu gün Pişəvəridən yazanlarımız V.Əhmədin tədqiqatına istinad edir. Düzdür, V.Əhməd özü də bir çox tədqiqatlara istinad edib. Amma hazırda bizim əlimizdə Pişəvəri haqqında məhz yeganə V.Əhmədin fundamental tədqiqatıdır və bunu mən V.Əhmədin elm aləmində çox böyük uğurlarından hesab edirəm. Biz V.Əhmədi təkcə alim kimi tanımırıq. O, bizim dəyərli musiqiçimiz, sözü, qələmi, ilhamı olan şairimizdir. Kövrək qəlbli şair – nasir - dramaturqdur.
V.Əhməd musiqimizi, muğamlarımızı, dərin bildiyi üçün musiqimizi, muğamlarımızı, onların yaranma tarixini müntəzəm tamaşaçılarımıza izah edir təhlilini verir. Özü mahnı da yazır, hərdən musiqi də bəstələyir. Vüqar musiqini yaxşı bildiyi üçün sözlərin özündə də bir musiqi görür, sözlər necə deyərlər, hazır mahnı mətnidir. Yəni o, musiqini o qədər ki, gözəl bilir, duyur onun sözləri elə bil musiqinin qəlbinə, donuna girir. Bəstəkarların V.Əhmədin şerlərinə tez-tez müraciət etmələri təsadüfi deyil, çünki başqa şairlərlə işləmək daha böyük əmək sərf edir. Çox böyük görkəmli nəğmə üstə şer yazan şairlərimiz var, ancaq V.Əhmədin onlardan əsas fərqi ondan ibarətdir ki, o şerlə yanaşı musiqini də gözəl bilir və onun əsərlərinə musiqi bəstələmək bəstəkarlarımız üçün çətinlik törətmir. Bəzən, V.Əhmədin mahnılarının bu qədər çoxluğunu görüb heyrətlənərək ona başqa rəng verənlər də olur. Ancaq mən tam səmimi qənayətimlə deyirəm ki, Vüqarın şerləri elə musiqidir.
Vüqar yaxşı mühitdə böyüyüb, dinimizi də yaxşı bilir. Bakı kəndlərində dindar mühit güclü olur. Vüqar da gözünü açıb o mühitdə formalaşıb. Hacı Madərlə qohumdur. Hacı Madərin böyük məclislərində Şeyx İslamdan tutmuş bütün tanınmış din xadimlərimiz iştirak edib. Vüqar da o din xadimlərimizi görüb, onlardan bəhrələnib, öyrənib. Dini nöqteyi - nəzərdən Vüqarın hazırlığı yaxşıdır. Ona görə də o bizim həm lirik, həm də nəğməkar şairimizdir. Mən ona bir status da verirəm – DİNİ ŞAİR.
Dini bilməsən, dini şerlər yazmaq çətindir. Din başqa şey deyil, dinlə zarafat etmək olmaz. Dini gərək gözəl biləsən. Dinimiz, Peyğəmbərimiz, İslamımız, İslamın görkəmli şəxsiyyətləri haqda bilmədən yazmaq, onları poeziya dili ilə tərənnüm etmək ayrı cür qeyri-mümkündür. Bu baxımdan Vüqarın bəxti gətirib. Ümumiyyətlə, Vüqar çox istedadlı gəncdir. Gözəl ailəsi var, mən Vüqarı öz ailə üzvümün biri hesab edirəm. Gözümüzün qabağında böyüyüb, saf, təmiz adamdı. Bizim musiqimizin təmizliyi, saflığı, milliliyi uğrunda, musiqimizin milli çərçivədən kənara çıxmaması, yad nəfəslərdən qorunmasında Vüqar Əhmədin milli televiziyamızda bu işə məsul şəxs kimi Azərbaycan musiqisində milliliyin saxlanılması, qorunması və milli zəmində inkişafı naminə gördüyü əvəzsiz xidmətləri təqdirəlayiq hesab edirəm. Vüqara Allah-Təala alim kimi, şair kimi, musiqiçi kimi gözəl istedad verib. Bunların fövqündə Vüqar etibarlı dostdur. Dostluğu qiymətləndirmək, ona sadiq qalmaq kimi insani keyfiyyətləri mən Vüqar Əhməddə daha qabarıq görürəm. Gözəl insanlıq, adamlıq, sözün əsl mənasında Azərbaycan vətənpərvəridir V.Əhməd. Arzu edirəm ki, Vüqar layiq olduğu doktorluq alimlik dərəcəsini alsın, çünki o buna layiq alimlərimizdəndir.
V.Əhmədin yaradıcılığı haqda aparılan bu tədqiqatı qiymətləndirirəm və təqdirəlayiq hesab edirəm.

Vasim Məmmədliyev

Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü