«SƏNƏ QURBAN OLSUN, CANIM AY ANA...»
Eşidəndəki qələminə, sözünə, ilhamına, nəğməsinə, şəxsiyyətinə, insani keyfiyyətlərinə dərin rəğbət bəslədiyim M. Araz mükafatı laureatı, nəğməkar şair, filologiya elmlər namizədi Vüqar Əhməd «Anam mənim» poemasını yazıb, çox sevindim. Çünki ana hissləri , ana duyğuları, ana mövzusu Vüqar Əhmədin sınaqdan çıxmış, şer dünyamızda öz çəkisini və yerini tutmuş qələmində daha güclü, təsirli alınır.
Özünə məxsus söz düzümü, müqayisələri, ədəbi dil normalarına riayət etməsi, dialektimizdən bəhrələnmə, sintaktik rəngarənglik istifadə və ən əsası qələmə aldığı mövzunun yazı tərzi, deyimi, üslübu səni sətirlər dənizinin dalğalarında üzdürür. Bir anın içərisində gözlərin payız buludu kimi dolur.
Ağaran saçların gümüşə çalır,
Düşünən gözlərin xəyala dalır,
Gecələr xəyalın özünlə qalır,
Sənə qurban olsun canım, ay ana.
Ana! Dünyada ən müqəddəs varlıq... Bizi dünyaya gətirən, bizi böyüdən, gecələr beşiyimizin üstündə sübhə qədər ayıq qalan analar... Özü ac qalsa da, övladının ac qalmaması üçün min bir əziyyətə qatlaşan analar. Oğul, qız itirən analar...Dərdini, ağrısını, övladından gizlətməyə çalışan analar...
Ana! Ona hökmdar da, şah da, sərgərdə də, adi qul da səcdə edir, baş əyir. Xeyir-duası uğurlarımızın açarı olan analar... Yayın istisində, qışın şaxtasında, bahar güləyində bizə laylay çalan analar... Ona görə də Vüqar Əhməd «Anam mənim» mahnısını, ana mövzusunu poema şəklində oxuculara təqdim edir.
Balasını atan ana da vardır,
Şeytandı, iblisdi ana deyildir,
Sonradan peşmandır necə yalvarır?
Bala sorağıyla sərsəm veyildir.
Ana var övladını atır. Övlad var anasını atır. Siz deyin ana atılarmı? Ana öz doğma evinə, nəvəsinə həsrət qalarmı? Kimsəsizlər evi analara yaraşarmı? Ana küçədə çörək pulu üçün dilənərmi? Susuruq. Çünki ... Bəli, o övladlar yad planetlərdən deyil, elə özümüzünkülərdəndir. Toylarda, kef məclislərində köbəyi açıq qızların açıq bədənlərinə pul səpən azəri övladları... Sərxoş vəziyyətdə anasından bixəbər «Ana» mahnısını sifariş verib yalandan ağlayan oğullar... Ananı yad bir qıza satan oğullar... Sizə «oğul» deməyə dilim də gəlmir.
«Anam mənim» mahnısını dinlədikdən sonra isə peşimançılıq çəkərək özünü anasının qucağına atan oğullar, qızlar da az deyil. bütün ilahi varlıq olan anaların , analıq simasının simvolu olan «Anam mənim» ürəkləri riqqətə gətirən bir əsərdir. Qiyməti, tayı, bərabəri olmayan bir əsər. Vüqar Əhməd yaradıcılığının zirvəsi olan bir əsər. Nədən bu sənət incisi belə təsirli alınıb? Çünki əsərin əsas qəhramanı Vüqar Əhməd kimi nəğməkar şairi dünyaya gətirən, dinə sitayiş edən Hacı Almaxanımdır. Övladlarının yolunda saçlarını dən edən namus, qeyrət təcəssümü, analıq simvolu olan Almaxanım ana...
Ana itirəndə qalırıq yetim,
Yox, yox anasızlar sayılır yetim,
Bu yetim dünyada hamımız yetim,
Ən böyük dünyadır analı dünya.
Bir ailədən ana dünyasını dəyişəndə o evin çırağı da sönür, isti sobası da. Ona görə də bir ana itirəndə yetim qalırıq. Çünki ana sığalının, ana nəvazişini heç nə dünyada əvəz etmək gücünə malik deyil. Ana anadır, anaların qədrini bilmək gərəkdir. İnanırıq ki, bu poemanı oxuyandan sonra sizi dünyaya gətirən anaların qədrini daha çox biləcəksiniz, onların xətrinə dəyməyəcəksiniz. Axı ana qəlbi kəpənək kimi zəif olur...
Sanki, bir dünyadı məsum baxışlar,
Qəlbindən qəlbimə yağır yağışlar,
Məhəbbətin mənə dünya bağışlar,
Dünya gözəlisən, dünyamsan mənim.
Bu günün qızı, gəlini sabahın anasıdır. Nənə də, bibi də, xala da, bacı da anadır. Ona görə də Vüqar Əhməd bu poemasında bütün bu məqamlara toxunur. Öz iki övladlarının anasını «dünyamsan mənim» adlandırır. Axı, Hüseyn və balaca Almaxanımı dünyaya gətirən Səbinə xanımdır. Vüqar müəllimin mənəvi dünyası olan Səbinə xanım. Çünki ananın özünə də ana lazımdır. Yaşlıya da, ahıl qocaya da ana lazımdır. Anasız həyatın nə mənası?..
Nə Günəş de, nə Ay de
Ana, mənə laylay de.
Nə gözəl düşündürücü, təsirli misra.. Sadə dildə deyilən bu misranın hikməti böyükdür. Çünki ana laylasından şirin musiqi yoxdur. Ən böyük musiqi əsəri də elə ana laylasıdır. Ona görə də Vüqar Əhməd ana laylasını Günəşdən də, Aydan da üstün tutur.
Poemanı oxuduqca insan göz yaşlarını saxlaya bilmir, necə deyərlər, gücü gözlərindən axan yaşına çatır. Ancaq poema sanki anasız qalanlara analı bir dünya bəxş edir. Hər bir söz, hər bir sətir sənə öz ananı xatırladır; istər anam həyatda olsun, istər axirət dünyasında,bax budur sənət, qələmin, sözün gücü. Budur anaya sevgi, analığa qiymət, sədaqət, vəfa. Budur yer üzünün əşrəfi sayılan insana tanıtdırmaq, özünü özünə, ruhunu ruhuna qaytarmaq, qəlbində qeyrət çəpəri qurmaq...
Binəqədi kəndində dünyaya göz açan Hacı Almaxanım ana dəfələrlə Kərbala, Məşhəd və Həcc ziyarətlərində olub. Dualı əlləri ilə doğma Qarabağımızın xilasına, analara, övladlara dualar edib. Neçə-neçə insanı haqq, din, paklıq yoluna qaytarıb. Neçə-neçə dağılmaqda olan ailənin səadət çırağını yandırıb. El anası kimi elin toy və yas mərasimlərində iştirak edib, neçə-neçə gəncə xoşbəxtlik xeyir-duası verib. O, bu gün öz övladları, nəvələri ilə ömür payını yaşayır.. Ey el anası, qoy oğlumuzun Sizin simanızda analara həsr etdiyi «Anam mənim» poeması çəkdiyiniz zəhmətin müqabilində oğul borcunun bir hissəsi olsun. O borcu, o haqqı qəbul edin və xeyir-duanızı verin.
Alim Nəbioğlu-tənqidçi jurnalist,
M. Araz mükafatı laureatı |