free counters 
 

Allah yaradandır, Ana isə...

«Cənnət – analarınızın ayaqları altındadır» deyib Həzrəti Məhəmməd. Ana müqəddəsdir, ana şirindir, ana əzizdir. Ana haqqında çox yazılıb, çox sözlər deyilib. Ancaq ananın şah əsəri olan «Anam mənim»i məhz qəlblərin şairi Vüqar Əhməd yaratdı. Yaşada-yaşada yaratdı. Ana ətrinə ehtiyac duyanlara, o sığala həsrət qalanlara analı bir dünya yaşatdı. Analarını kimsəsizlər evinin kandarına atan qeyrətsiz oğulları ayıltdı, neçə-neçə oğulu anaya, neçə-neçə ananı oğluna qovuşdurdu Vüqar Əhməd. O, «Anam mənim» deyərək öz anasının simasında bütün anaları ümumiləşdirərək ideal bir ana obrazı yaratdı.
O, mənim anamı, sənin ananı, analarına anasını bir daha kəşf etdi və sübut etdi ki, ana daha güclüdür; xəstələnəndə səni heç bir həkim sağalda bilmədikdə, ananın bir an başına sığal çəkməyi, nəvazişi sənə şəfa verir. Çünki hər birimiz anamızın bir hissəsi kimi dünyaya gəldik. Allah yaradandır. Ana isə…
Vüqar Əhməd yaradıcılığında ana obrazı üstünlük təşkil edir. Elə ona görədir ki, Vüqar müəllimin anaların tərənnümünə xidmət edən bütün nəğmələri xalq tərəfindən sevilir, bəyənilir, geniş pərəstişkar sevgisi qazanır. «Anam mənim» isə axırıncı illərdə ən çox populyarlıq əldə edən yeganə, hər an dinlənən nəğmədir, Vüqar Əhməd sözünün gücündən doğan nəğmə…

Hifz eyləyən duasıdı,
Səsi Quran sədasıdı,
Anaların anasıdı
Anam mənim, anam mənim.

Vüqar Əhmədin anaya verdiyi belə yüksək qiymətin nəticəsidir ki, ana xeyir-duası nəğməkar şairi daha yüksək zirvələrə qaldırır. Ananın qədrini bilən, torpağının, elinin, dilinin, dininin də qədrini bilər. Vüqar Əhməd məhz belə şəxsiyyətlərimizdəndir. Mən nəğməkar şairə yaradıcılıq nailiyyətləri arzulayıram. Vüqar Əhməd kimi bir şairin əsərlərini nəşr etmək böyük və şərəfli işdir. Çünki o, sözün qədrini və dəyərini bilir, ətrafındakını duyur, hamımızın qəlb çırpıntılarını ümumiləşdirərək bir-birindən gözəl əsərlər yaradır.
Sənə uğurlar, qardaşım!
Belə oğul böyüdən anaya, min alqış!

Rafiq Babayev
fizika-riyaziyyat elmlər namizədi