free counters 
 

XİYABANİŞÜNASLIĞA YENİ BİR TÖHFƏ

Kəndimizi (Lerik rayonu Zuvand mahalının Kələxan kəndi) üzük qaşı kimi əhatə edən dağlar mənim üçün adi deyildir. Mən bu dağların təxminən bir qədər hündürlüklərində torpağın bağrına sancılmış sərhəd dirəkləri yaxınlığından «nəhəng yumurtaya bənzəyən Savalana», kəndimizin bir addımlığında yerləşən Ərdəbil şəhərinə, ayrı düşmüş elimizin insanlarına «sayıq sovet sərhədçiləri»nin nəzarətindən ehtiyat edə-edə tamaşa etmiş və özümdən asılı olmayan qəribə hisslər keçirmişəm. (Görkəmli Azərbaycan yazıçısı M.İbrahimovun xatirəsinə həsr etdiyim «Xalqın böyük oğlu» adlı məqaləmdə bu barədə ətraflı bəhs açmışam.) Təxminən 5-6-cı sinif şagirdinin keçirdiyi həmin qəribə hisslər sonralar «böyüyə-böyüyə» tamamilə başqa yön aldı və mənim içimdə parçalanmış Azərbaycan dərdi şəklində bir kədərə çevrildi. Açığını desəm, məndə Azərbaycanın «şimal» və «cənub» tarixi ədalətsizlik bölümünə baş qaldıran etiraz və barışmazlıq hissinin mayasında uşaqlıq dövrümün müşahidələri dayanır. Və görünür, uşaqlıq müşahidələri ruhumda elə təsirlər oyatmışdır ki, bu müşahidələr özümdən asılı olmayaraq gələcəkdə cənub mövzusu ilə bağlı tədqiqat aparmaq ehtiyacının təməlində dayanmışdır. M.Şəhriyar, M.İbrahimov, Əli Tudə, S.Tahir yaradıcılıqlarına müraciətimin əsasında da, görünür, bu təsir istisna deyil (Sonuncu 3 sənətkarın Cənubla müəyyən bağlılığını nəzərdə tuturam). Ona görə də mənim Cənubi Azərbaycanın hər hansı bir ictimai-siyasi və ədəbi hadisəsi ilə bağlı materiallara müraciət və marağım təbiidir. İstedadlı şair və alim dostum Vüqar Əhməd mənə Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin dövrü, həyatı, mühiti, yaradıcılığı və s. özündə əks etdirən «Şeyx Məhəmməd Xiyabani» adlı tədqiqat əsərinin əlyazmasını oxuyub rəy yazmaq üçün təqdim edəndə heç bir tərəddüd etmədən buna razılıq verdim. Bir tərəfdən müəllifin şəxsiyyətinə olan hörmətim, digər tərəfdən problemin doğmalığı məni qərarımda israrlı etdi.
Müəllifin problemə bir ədəbiyyatşünas alim kimi yanaşması hər şeydən əvvəl mövzuya yaxından bələdçiliyi və elmi-nəzəri düşüncəsinin yüksəkliyi ilə sıx bağlıdır. Vüqar Əhmədin Seyid Cəfər Pişəvəri irsinin öyrənilməsində göstərdiyi xidmətlər elmi ictimaiyyətə yaxından bəllidir. «Şeyx Məhəmməd Xiyabani» monoqrafiyasında Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər və bu proseslərin önündə gedən Şeyx Məhəmməd Xiyabani hərəkatı, onun publisistikasının mövzu dairəsi konkret faktlar əsasında tədqiq edilmiş, bu günkü oxucunu razı sala biləcək səviyyədə diqqətə çatdırılmışdır. Əsərlə tanışlıq bir daha onu təsdiqləyir ki, Vüqar Əhməd həm Xiyabaninin həyat və fəaliyyətinə, həm də onun haqqında yazılmış tədqiqlərə yaxından bələddir. Müəllifin Şeyx Məhəmməd Xiyabani ilə bağlı Q.Məmmədlinin, A.A.Vinaqradovun, Q.Q.İlyinskinin, Q.Kəndlinin, Ş.Tağıyevanın və başqalarının yazdıqları əsərlərdən bəhs açması, bu fikirlərin Xiyabanişünaslıq tarixindəki yeri və s. məsələlərə toxunması onun bu problemin dərinliyinə enib fikir söyləmək bacarığını təsdiqləyir. Eyni zamanda Vüqar Əhmədin Şeyx Məhəmməd Xiyabaninin həyati detallarını bütün təfərrüatları ilə təqdim etməsi və ictimai-siyasi proseslərin Xiyabani dünyagörüşünə təsiri, onun bir inqilabçı kimi yetişməsində rolu məsələlərinə münasibəti bu bacarığın məntiqi davamına çevrilir.
Vüqar Əhmədin əsərdə Səttarxan hərəkatından geniş kontekstdə bəhs açması kitaba əlavə bir hissə kimi daxil olmur, əksinə Xiyabani hərəkatının tarixi qaynağı və bu hərəkatı doğuran ictimai-siyasi rejimə qarşı davamlı mübarizənin tarixi qanunauyğunluq hissəsi kimi qiymətini alır. Əsərdə müəllif Xiyabani hərəkatının siyasi qaynaqları ilə yanaşı, onun ədəbi fikir qaynaqlarından da bəhs açır. Müəllif əsərdə Xiyabaninin Mirzə Fətəli Axundzadə bədii irsindən bəhrələnməsi, ədəbi fəaliyyətində bunlardan istifadə etməsi və s. məsələlərə yer ayırır. Bu mənada Xiyabaninin ədəbi-bədii düşüncəsində humanizm, xəlqilik, maarifçilik, həyata tənqidi münasibət, yenilikçilik və s. kimi ideyalara yer verməsi onun fikirlərinin məhz Mirzə Fətəli Axundzadə görüşləri ilə əlaqələnməsinə xidmət edir.
Prof. Vüqar Əhməd «Şeyx Məhəmməd Xiyabani» əsərində Xiyabanini təkcə inqilabçı kimi təqdim etmir, onun publisistikasından bəhs açaraq ədəbi düşüncə tərzinin və publisistikasında mövzu-ideya genişliyi məsələlərinə də önəm verir. Xiyabaninin publisistikasında birinci növbədə onun apardığı mübarizənin – vətəninin istiqlalına qovuşmaq arzularının təhlili ön plana çəkilir. Və haqlı olaraq göstərilir ki, millətin gələcək taleyi barədə Xiyabani düşüncələrinin kökündə Azərbaycan sevgisi və Azərbaycan yanğısı dayanır. Tədqiqatçı fikirlərinin təsdiqi üçün kifayət qədər misallar gətirir və nümunələrdən yerli- yerində istifadə edir: «…Ey qeyrətli Azərbaycan! …Ey azadlığın qorxu bilməyən qəhrəmanı! …ey təriflərə ehtiyacı olmayan Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasınadır. Bunlar sənin həqiqətən ölməmiş cavanlarının, cavanmərd qocalarının, təsəlli tapmamış qadınlarının və qızlarının səsidir ki, təqdir və təqdisləri İran səmalarında tərənnüm edir. Bu eşitdiyin onların səsidir. Dinlə və ayıl! Ey Azərbaycan! Ey demokratik Azərbaycan, başını qaldır!».
Müəllif bu cür misalları gətirməklə Xiyabaninin ədəbi fəaliyyətinin əsas istiqamətini nəzərə çatdırır və bu fikirlərin Azərbaycan inqilabi-demokratik düşüncə tərzinin formalaşmasındakı rolunun dərəcəsini müəyyənləşdirir. Prof. Vüqar Əhməd əsərdə Xiyabanini geniş spektrdə tədqim etməyə çalışır. Hətta Xiyabani ilə bağlı müəyyən mübahisəli məqamları diqqətə çatdırmaqdan belə çəkinmir. Xiyabaniyə konkret tarixi zaman və tarixi məkan kontekstində yanaşılma əsərin uğurlarından biridir. Ona görə də Şeyx Məhəmməd Xiyabani hərəkatının düzgün olaraq Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizə tarixinin tərkib hissəsi, İran azadlıq hərəkatının deyil, məhz Azərbaycan istiqlal hərəkatının böyük hadisəsi kimi vurğulanması mübahisəsiz görünür.
Qeyd etmək istərdik ki, Xiyabaninin dövri mətbuatla əlaqə məsələlərindən bəhs edən hissədə müəllifin çoxsaylı faktlara istinad etməsi tədqiqat işinin sanbalını artırmaq baxımından xarakterikdir. Müəllif istər İranda, istərsə də Quzey Azərbaycanda çap olunan mətbu orqanlarla Xiyabaninin əlaqələrindən bəhs açır, həllinə çalışdığı problemə uyğun təhlilə önəm verir. Belə ki, monoqrafiyada Xiyabaninin İranda dərc olunan «Azərbaycan», «Əncümən», «Maarif», «Təməddün», «Sübhi-sadiq», «Təcəddüd» və Quzey Azərbaycanda nəşr edilən «Molla Nəsrəddin», «Füyuzat», «Babayi-əmir», «Tərəqqi» və s. qəzet və jurnalları mütaliə etməsi, onların bəziləri ilə əməkdaşlığı ilə əlaqədar məsələlərdən də söhbət açılır. Bu halda müəllif bir tərəfdən Şeyx Məhəmməd Xiyabaninin İran və Qafqaz xalqlarının həyatına olan marağını, digər tərəfdən isə regionda xalqlara zidd idarəçilik sisteminə qarşı onun mətbuatda yer alan fikirlərinin mövcudluğunu təsdiqləyir.
Təbii ki, kiçik bir yazıda tədqiqat əsərinin məziyyətlərindən geniş bəhs açmaq mümkün deyil. Mən prof. Vüqar Əhmədin görkəmli azadlıq mücahidi Şeyx Məhəmməd Xiyabaninin həyatı, dövrü, mühiti, ictimai-siyasi və ədəbi fəaliyyəti ilə bağlı yazılmış tədqiqatını yüksək qiymətləndirir və bu əsəri Azərbaycanda Xiyabanişünaslığın layiqli töhfəsi hesab edirəm.

Elman Quliyev

ADPU-nun «Türk araşdırmaları»
elmi-tədqiqat mərkəzinin müdiri,
filologiya elmləri doktoru, professor